OECD tərəfindən Azərbaycanın “İqtisadi İslahatların İdarəedilməsi Modeli” nümunəvi innovativ təcrübə kimi qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə ölkədə reallaşdırılan iqtisadi islahatlar konseptual və funksional model olaraq dəfələrlə qlobal miqyasda müsbət qarşılanmış və nümunəvi praktika olaraq götürülüb. Aparılan islahatların dayanıqlığının və davamlılığının bariz nümunəsi olaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Azərbaycanda dizayn edilən və reallaşdırılan “İqtisadi İslahatların İdarəedilməsi Modeli”ni qlobal miqyasda nümunəvi innovativ təcrübə olaraq rəsmi platformasında göstərib.

“İqtisadi İslahatların İdarəedilməsi Modeli”nin OECD-yə təqdim edilmiş təqdimat çərçivəsində nümunəvi innovativ təcrübə kimi qəbul edilməsi üçün 2019-cu ildən müvafiq qurum ilə danışıqlar və müzakirələr aparılıb. Bunun nəticəsi olaraq, Model OECD-nin “Dövlət Xidmətlərində İnnovasiyaların Observatoriyası” platformasında nümunəvi innovativ təcrübə kimi rəsmi olaraq yayımlanıb (Keçid: https://oecd-opsi.org/innovations/economic-reforms-governance-model/).

OECD-nin rəsmi platformasında yayımlanan məlumatlarda Modelin vətəndaş və biznes mərkəzli dövlət xidmətlərinin layihələndirilməsi və çatdırılması, islahatların aparılmasındakı əldə olunmuş nailiyyətləri təqdim edilib. Model haqqında məlumatlar portalda ətraflı və strukturlaşdırılmış formada təqdim olunub. Belə ki, Modelin yenidənqurma prosesində özəl sektor və sivil cəmiyyətin rəqabətqabiliyyətliliyinin artırılması yolu ilə çağırışların aradan qaldırılması, dövlət xidmətlərində şəffaflıq səviyyəsinin daha da yüksəldilməsi və rəqəmsal dövlət xidmətlərin inkişaf etdirilməsi kimi məsələlərdə rolu barədə məlumatlar qeyd edilib.

Əlavə olaraq, Model haqqında ümumi məlumatlar göstərilib və nümunəvi innovativ təcrübə olaraq “azranking.az” portalında 19 işçi qrupu arasında kommunikasiyanın mərkəzləşdirilməsi məqsədilə “Rəqəmsal Kommunikasiya Platforması”nın yaradıldığı, inklüziv əməkdaşlıq mühitinin yaradılması üçün “Rəqəmsal Təqvim”in təsis edildiyi, beləcə qərar qəbulu prosesində ictimai iştirakçılığın və inklüzivliyin təmin edilməsi kimi müsbət tərəfləri vurğulanıb.

“İqtisadi İslahatların İdarəedilməsi Modeli”nin kommunikasiya platformasının olması, platformanın ictimaiyyətdən asanlıqla rəy və ideya qəbul etməyə açıq olması, islahatlarla bağlı qərarların qəbulu üçün analitik informasiya dəstəyi aparılmasını asanlaşdırmaq məqsədilə bençmarkinq alətinin mövcudluğu, institusional çərçivə əsasında qurumlar arasında idarəetmə qabiliyyətinin artırılması, əməkdaşlıq və vahid kommunikasiya mənbələrindən istifadə üçün imkanların olması kimi innovativ özəlliklər barəsində ətraflı məlumatlar qeyd edilib.

Müvafiq Model çərçivəsindəki proseslərin implementasiyası Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası tərəfindən birgə həyata keçirilib.